PREZİDENT “İCTİMAİ TELEVİZİYA VƏ RADİO YAYIMI HAQQINDA” QANUNU YENİDƏN MİLLİ MƏCLİSƏ QAYTARMIŞDIR
AZƏRTAC xəbər verir ki, iclasda 2004-cü il yanvarın 9-da Milli Məclis tərəfindən qəbul edilmiş “İctimai televiziya və radio yayımı haqqında” Qanuna Azərbaycan Respublikası Prezidentinin etirazları barədə, “Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında” Konvensiyaya qoşulmaq haqqında, “Azərbaycan Respublikası Hökuməti ilə Fransa Hökuməti arasında gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiqatının aparılması, aşkar edilməsi və aradan qaldırılmasına dair qarşılıqlı inzibati yardım haqqında sazişin təsdiq edilməsi” və Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun yaradılması barədə məsələlər müzakirə olunmuşdur.
“İctimai televiziya və radio yayımı haqqında” Qanunun geri qaytarılmasının səbəbləri ilə bağlı Prezidentin İcra Aparatının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev məlumat vermişdir.
Sonra layihəni hazırlamış işçi qrupunun rəhbəri Rizvan Cəbiyev çıxış etmişdir. Qeyd olunmuşdur ki, Qanunda ictimai televiziyanın hüquqi şəxs statusunun, ictimai televiziyaya Milli Teleradio Şurası tərəfindən hüquqi nəzarət edilməsi prosedurunun, rəsmi məlumatların ictimai televiziyada yayılmasının şərtləri və əsaslarının dəqiq müəyyən edilməsinin, Azərbaycan Respublikası Prezidentinin İctimai Yayım Şurasının direktorunun təyin edilməsi prosesində iştirak etməməsini, ictimai televiziyanın gələcəkdə abonent haqqı əsasında maliyyələşdirilməsi şərtlərinin bilavasitə Qanunun mətnində nəzərdə tutulması zərurətini nəzərə alaraq, Prezident Konstitusiyanın 110-cu maddəsinin 1-ci hissəsini rəhbər tutaraq sənədi imzalamadan təkrar müzakirə üçün Milli Məclisə geri qaytarmışdır.
Deputatlar Prezidentin Qanunla bağlı iradlarının tam haqlı olduğunu bildirərək, sənədin yenidən işlənməsini məqsədəuyğun saymışlar.
Gündəlikdəki ikinci məsələ ciddi mübahisələrə səbəb olmuş, Konvensiya layihəsi yenidən baxılmaq üçün əlaqədar komissiyaya qaytarılmışdır.
Digər məsələlər isə müsbət həll olunmuşdur.