PREZİDENT İLHAM ƏLİYEV AĞSUDA QƏHRƏMANLAR PARKININ AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR
Bakı, 30 oktyabr (AZƏRTAC). Oktyabrın 29-da Ağsu şəhərində Qəhrəmanlar parkının açılışı olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Dövlətimizin başçısı və xanımı parkda aparılmış abadlıq və quruculuq işləri ilə tanış oldular.
Prezident İlham Əliyevə məlumat verildi ki, tikintisinə 2008-ci ildən başlanılmış Qəhrəmanlar parkının ərazisi bir hektardır. Müasir memarlıq üslubunda tikilmiş parkın layihə tərtibatında üç tarixi hadisənin qəhrəmanlıq rəmzi ifadə olunmuşdur. Kompleksdə II Dünya Müharibəsində həlak olmuş həmyerlilərimizin, 20 Yanvar şəhidlərinin və Qarabağ müharibəsində həlak olmuş 104 şəhidin əziz xatirəsi əksini tapmışdır. Burada “Əbədi məşəl” alovlanır.
Kompleksin döşəmə və divarları qara və qırmızı qranitlə işlənilmişdir. Tikintinin sahəsi 3600 kvadratmetrdir. Kompleksin ətrafında 4862 kvadratmetr yaşıllıq salınmış, min ədəd həmişəyaşıl ağac əkilmiş, suvarma sistemi yenidən qurulmuşdur.
Dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.
X X X
Bununla da Prezident İlham Əliyevin Ağsu rayonuna səfəri başa çatmışdır.
######
![]() |
![]() |
![]() |


