Prezident İlham Əliyevin “Euronews”a müsahibəsində verdiyi mesajlar diqqət mərkəzindədir - Politoloq
Bakı, 4 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə ilə bağlı bir neçə istiqaməti xüsusilə qeyd edə bilərik. İlk olaraq dövlətimizin başçısı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının hansı prinsiplər əsasında həyata keçirilməsini qeyd etdi. Qarabağ və Ermənistan ermənilərinə mesajlar verdi. Bildirdi ki, Azərbaycanın Ermənistana heç bir ərazi iddiası yoxdur. Ermənistan dövləti isə hazırkı vəziyyəti və qüvvələr balansını nəzərə almalı və revanşist davranışlardan əl çəkməlidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov söyləyib.
Politoloqun sözlərinə görə, Prezident İlham Əliyev ərazimizdə yaşayan erməni icmasının diqqətinə çatdırdı ki, onlar sülh təşəbbüsünə qarşı çıxmamalı, həmçinin qondarma rejimin liderlərinin arxasınca getməməlidirlər. Azərbaycan Prezidenti, eyni zamanda, Qarabağda yaşayan ermənilərin bundan sonra nə edəcəklərini də bildirdi.
“Müsahibə zamanı Prezident İlham Əliyevin verdiyi mesajlara diqqət yetirməliyik. Dövlətimizin başçısı Azərbaycanın xarici siyasət strategiyasına toxunaraq ölkəmizlə beynəlxalq təşkilatlar arasında olan münasibətlər barədə öz fikirlərini bölüşdü. Məsələn, Azərbaycan Prezidenti müsahibədə bildirdi ki, “Biz 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq”. Bu o deməkdir ki, Azərbaycan uzun illər ədalətsizliyə məruz qalıb. BMT-nin dörd qətnaməsi icra olunmasa da, biz onları özümüz yerinə yetirdik. Buna baxmayaraq, Azərbaycan yenə də sülh təşəbbüskarıdır. Müsahibə zamanı Ermənistan ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddiaları kənara qoyarsa, sülh variantı reallaşa bilər mesajı da verildi. Həmçinin bildirildi ki, Ermənistanın bütün təxribatlarına baxmayaraq, Azərbaycan sülh təşəbbüsündən geri çəkilmir və bunun reallaşacağına ümid edir”, - deyə S. Hümbətov vurğulayıb.
Dövlətimizin başçısının müsahibəsində qeyd etdiyi “müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi” fikrinə də toxunan politoloq qeyd edib: “Bu, o anlama gəlir ki, uzun illər ərzində həm Azərbaycan xalqı, həm də Prezident İlham Əliyev bu Qələbəni gözləyirdi və buna inanırdı. Eyni zamanda, burada ata nəsihəti də öz rolunu oynadı”.