Prezident İlham Əliyevin Münxen Konfransı kimi tədbirlərdə çıxışları daim diqqətlə izlənilir
Bakı, 17 fevral, AZƏRTAC
Münxen Təhlükəsizlik Konfransı dünya tərəfindən qəbul olunan ən ciddi platformalardan biridir. Əsas məqam ondan ibarətdir ki, burada həm dövlətin təhlükəsizliyinə qarşı atılan addımların qarşısının alınması istiqamətində görülən işlərin müzakirəsi, hərbi, siyasi, hətta iqtisadi məsələlərin həlli istiqamətində ikitərəfli görüşlərin keçirilməsi üçün müstəvidir. Azərbaycan Prezidentinin bu tədbirə dəvət olunması dövlətimizin başçısının Cənubi Qafqazda, eləcə də dünyada sayılıb-seçilən, bütün məsələlərə iştirakı ilə yenilik gətirən lider olması ilə bağlıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.
“Əsas məqam ondan ibarətdir ki, Prezident İlham Əliyevin bu cür beynəlxalq, mötəbər tədbirlərdə iştirakı və çıxışları daim diqqətlə izlənilir. Azərbaycan Prezidentinin təkcə regionda deyil, Türk dünyasında da geniş nüfuzu olduğu üçün hər bir dövlətin nümayəndəsi bu cür platformalarda dövlətimizin başçısı ilə müzakirələr aparmaq istəyir. Bundan əlavə, Münxen Təhlükəsizlik Konfransında müxtəlif dövlətlərdən olan çox böyük, ciddi iqtisadi nüfuza malik şirkətlərin nümayəndələri də iştirak edirlər. Onlarla keçirilən görüşlər də öz səmərəsini verə bilər. Bu gün Qarabağa investisiyaların qoyulması, regionda təhlükəsizliyin təmin edilməsi, hərbi-siyasi vəziyyətin müzakirə edilməsi də çox mühüm məsələdir. Ona görə, bir daha qeyd etmək istəyirəm ki, bu Konfrans çox mühüm tədbirdir və orada Azərbaycan Prezidentinin iştirakı dövlətimizin başçısının dünyada lider kimi tanınmasından və qəbul edilməsindən xəbər verir”, - deyə deputat əlavə edib.