Psixoloq: Telefon asılılığı uşaqlarda yuxu, diqqət və davranış pozuntularını artırır
Bakı, 27 noyabr, Pərvanə Qafarova, AZƏRTAC
Uşaqların mobil telefondan həddindən artıq istifadə etməsi onların psixoloji və fiziki sağlamlığına ciddi zərər vura bilər. Müasir dövrdə texnologiyanın həyatın ayrılmaz hissəsinə çevrildiyini deyən mütəxəssislər valideynləri daha diqqətli olmağa çağırırlar.
Bu barədə AZƏRTAC-a açıqlamasında psixoloq Aydan Məmmədova bildirib ki, uzunmüddətli ekran qarşısında qalmaq yuxu ritmini pozur, sosial bacarıqların zəifləməsinə, aqressiyanın artmasına və diqqət dağınıqlığına səbəb olur.
Psixoloqun sözlərinə görə, uşaqlar ekran qarşısında nə qədər çox vaxt keçirirlərsə, bir o qədər diqqəti saxlamaqda çətinlik yaşayırlar:
“Bir uşağın bir nöqtəyə maksimum diqqətini toplama müddəti 15 dəqiqədir. Uzun müddət ekran qarşısında qalmaq beynin yorulmasına, diqqət yayılmasına və yaddaşın zəifləməsinə gətirib çıxarır”.
Aqressiya və sosial çətinliklər artır
Aydan Məmmədova qeyd edib ki, sosial şəbəkələrdə şiddət məzmununa məruz qalmaq uşaqlarda öyrənilmiş aqressiyanın formalaşmasına səbəb olur:
“PUBG” kimi şiddət tərkibli oyunlar və senzurasız paylaşılan videolar uşaqlarda aqressiv davranışları gücləndirə bilər. Aqressiya öyrənilən hissdir və uşaq bunu həm ailədən, həm də sosial mühitdən mənimsəyir”.
Telefonla həddindən artıq vaxt keçirən uşaqların ünsiyyət bacarıqlarında da geriləmə müşahidə edilir: “Uşaq sosial təcrübədən uzaqlaşır, asosiallıq yaranır. Nəyi necə danışacağını belə unudan uşaqlar görürük”.
Yuxu və qida rejimi pozulur
Mütəxəssis qeyd edib ki, telefonun saçdığı mavi işıq melatonin hormonunun ifrazına mane olur və yuxu keyfiyyətini aşağı salır: “İdeal yuxu saatı 22:00–03:00 aralığıdır. Uşaq gec yatdığı üçün həm yuxusu pozulur, həm də gündəlik qida rejimi alt-üst olur”.
Fiziki təsirlər də az deyil: uzun müddət ekrana baxmaq göz quruluğu, yanma və bulanıq görmə kimi problemlərə səbəb olur.
Valideynlər üçün tövsiyələr
Aydan Məmmədova valideynlərin telefonla bağlı qaydaları özləri üçün də tətbiq etməsinin vacibliyini vurğulayıb: “Uşaq yalnız cəza vasitəsi kimi telefondan məhrum edilməməlidir. Ailədə ümumi qaydalar müəyyən olunmalı, valideynlər də telefon istifadəsini məhdudlaşdırmalıdır”.
Psixoloq yaşa uyğun ekran vaxtı normalarını belə izah edir: 0–3 yaş: telefon və planşetdən istifadə məsləhət görülmür; 3–6 yaş: ekran vaxtı maksimum 1 saat; 6 yaşdan yuxarı: yalnız valideyn nəzarəti ilə baxa bilər.
Valideynlərə gün ərzində uşaqlarla birgə fəaliyyətlər – kitab oxumaq, gəzinti, ailəvi oyunlar – planlaşdırmaları tövsiyə olunur.
Psixoloq sonda xəbərdarlıq edib ki, uşağın davranışında aqressiya, yuxu pozuntusu və ya sosial çətinliklər müşahidə olunarsa, vaxtında mütəxəssisə müraciət etmək mütləqdir: “Telefonu tam qadağan etmək də, tam sərbəst buraxmaq da düzgün deyil. Balans qorunmalıdır ki, uşaq həm psixoloji, həm də fiziki baxımdan sağlam inkişaf etsin”.