Pul bazasının optimallığı inflyasiya yaradıcı effektlərin tənzimlənməsinə xidmət etməlidir - ekspert
Bakı, 4 sentyabr, AZƏRTAC
Azərbaycanda pul bazası son 2 ayda azalmaqda davam edib. Belə ki, bu il iyun ayının sonlarında ölkədə 18 milyard 401 milyon manat pul bazası qeydə alınsa da, bu göstərici iyulun 31-nə 18 milyard 262 milyon, avqustun son gününə isə 18 milyard 116 milyon manat olub. Bu o deməkdir ki, son 2 ayda pul bazası 285 milyon manat kiçilib. Bununla belə, son azalmalara baxmayaraq, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 3,8 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov deyib.
O bildirib ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir. Pul bazasının kiçilməsinin inflyasiya tələbinin optimallaşdırılması ilə bağlı tədbirlərlə əlaqədar olduğu güman edilir. Belə ki, pul bazasının genişlənməsi tələbi artırır, kiçilməsi isə istehlak tələbini məhdudlaşdırır.
“Bununla belə, pul bazasının kiçilməsi real sektorun vəsaitə olan tələbinin ödənilməsi baxımdan arzuolunan deyil. Baza genişləndikcə xərcləmələr və real sektorda tələb də yüksəlir. Bu da istehsal üçün daha çox imkanlar yaradır. Bu baxımdan, pul bazasının optimallığı həm inflyasiya yaradıcı effektlərin tənzimlənməsinə, həm də real sektorun dəstəklənməsinə xidmət etməlidir”, - deyə ekspert vurğulayıb.