ELM VƏ TƏHSİL
Python mühitindən istifadə etməklə verilənlərin intellektual analizinə dair müzakirə aparılıb
Bakı, 25 may, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunun onlayn elmi seminarında “Python mühitindən istifadə etməklə verilənlərin intellektual analizi” mövzusunda müzakirə aparılıb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, məruzəni təqdim edən institutun magistrantı Eltun Əhmədov “Data mining”in elmi-nəzəri problemləri, tətbiq sahələri, “K-means” klasterləşdirmə və onun modifikasiyaları, təklif olunan metodlar, aparılmış eksperimentlər barədə məlumat verib. Qeyd edilib ki, tədqiqatın əsas məqsədi müxtəlif həcmdə olan verilənlər üzərində “K-means” alqoritmindən istifadə etməklə eksperimentlər aparmaq və müqayisəli analiz etmək, daha effektiv nəticələr üçün yeni yanaşma təklif etməkdir.
“Data mining”in tətbiq sahələrindən söz açan məruzəçi bildirib ki, ondan təhsil, maliyyə və bankçılıq, terrorizmlə mübarizə və digər sahələrdə, bazar səbəti analizində, müdaxilələrin və yalanların aşkarlanmasında geniş istifadə etmək olar.
O, həmçinin iyerarxik, bölünməyə, sıxlığa, modelə və şəbəkəyə əsaslanan klasterləşdirmə metodları, “K-means” klasterləşdirmə, onun üstünlükləri, çatışmazlıqları və modifikasiyaları barədə məlumatı seminar iştirakçılarının diqqətinə çatdırıb.
Sonra məruzə ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.