Qadın güləşçilərimizin Avropa çempionatında 1 qızıl və 3 bürünc medal qazanmaq şansı var
Bakı, 31 mart, AZƏRTAC
Bolqarıstanda keçirilən güləş üzrə U-23 Avropa çempionatında üçüncü günün görüşləri keçirilir.
AZƏRTAC xəbər verir ki, çempionatın üçüncü günündə qadın güləşçilər mübarizəyə qoşulublar. Bu gün 48, 55, 60 və 69 kiloqram çəki dərəcələrində qadınlar xalça üzərinə çıxıblar. Azərbaycanın idman şərəfini Anna Pavliv (48 kq), Almaz İsmayılova (55 kq), Tatyana Omelçenko (60 kq) və Elis Manolova (69 kq) qoruyurlar.
Anna Pavliv ilk görüşdə Norveç təmsilçisi Silje Kippernesə uduzsa da, rəqibin finala yüksəlməsi ilə güləşçimiz yarışı davam etdirib. Təsəlliverici görüşdə Gürcüstan təmsilçisi Liana Almeevanı məğlub edən təmsilçimiz bürünc medal uğrunda görüşə çıxacaq. Son görüşdə rəqib Ukraynadan İlona Semkiv olacaq. Almaz İsmayılova da bürünc medal uğrunda görüşə çıxacaq. Güləşçimiz Estoniyadan Anastassia Krasnova ilə qarşılaşacaq. Tatyana Omelçenko ardıcıl olaraq isveçli Lina Persson və belaruslu Veranika İvanovanı mübarizədən kənarlaşdırıb və finala yüksəlib. Finalda güləşçimiz Ukrayna təmsilçisi Anhelina Lysak ilə üz-üzə gələcək. Elis Manolova ilk görüşdə Polşa təmsilçisi Natalia Stzalkanı tam üstünlüklə məğlub edib. Yarımfinalda Avstriyadan Martina Kuenzə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Üçüncü yer uğrunda görüşdə idmançımız Bolqarıstan təmsilçisi Viktoria Bobeva ilə qarşılaşacaq.
Xatırladaq ki, yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz 1 gümüş və 2 bürünc medal qazanıblar. Murad Məmmədov (59 kq) gümüş, Ruhin Mikayılov (71 kq) və Elton Vəzirzadə (80 kq) bürünc medala sahib olublar.