Qafqaz Universiteti QSC ilə əlaqələr qurmaq niyyətindədir
Bakı, 25 aprel (AZƏRTAC). Qafqaz Universitetinin prorektoru Təyyar Mustafayev, karyera planlama mərkəzinin müdiri İsa Qasımov əməkdaşlıq əlaqələrinin qurulması məqsədi ilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində olmuşlar.
Görüşdə prorektor T.Mustafayev universitetin fəaliyyəti haqqında məlumat vermişdir. Bildirmişdir ki, məzunların işlə təminatına yardım etmək üçün tez-tez yerli və xarici şirkət rəhbərləri ilə işgüzar görüşlər keçirilir. Bu görüşlərin davamı olaraq növbəti görüşümüzü respublikamızda ekoloji yönümlü fəaliyyəti ilə tanınmış QSC-nin rəhbərliyi ilə keçirməyi qərara aldıq.
QSC-nin baş direktoru Ramil Əliyev qonaqlara qurumun fəaliyyəti və həyata keçirdiyi ekoloji layihələrdən danışmışdır. Qeyd edilmişdir ki, QSC maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, kadr potensialının artırılması məqsədi ilə ali təhsil müəssisələri və elmi mərkəzlərlə daimi əməkdaşlıq edir. O, tələbələrin QSC-nin istehsalat sahələrində təcrübə keçmələri və digər proqramların işlənib hazırlanması sahəsində Qafqaz Universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulmasının mümkünlüyünü diqqətə çatdırmışdır.
QSC-dən AZƏRTAC-a verilən məlumata görə, bu istiqamətdə görüşlər davam etdiriləcəkdir.