QAHİRƏDƏ “İSLAM MƏDƏNİYYƏTİNDƏ TOLERANTLIQ” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLƏCƏKDİR
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, aprelin 28-də Qahirədə Misir Ərəb Respublikasının Prezidenti Məhəmməd Hüsnü Mübarəkin himayəsi ilə “İslam mədəniyyətində tolerantlıq” mövzusunda Beynəlxalq konfrans keçiriləcəkdir. Dünyanın görkəmli din xadimləri və alimlərinin qatılacağı konfransda Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və bu qurumun Elmi-Dini Şurasının sədri Vasim Məmmədəliyev təmsil edəcəklər.
Konfrans dörd gün davam edəcək və burada “İslam tolerantlığı: nəzəriyyə və tətbiq”, “İslam və başqa dinlər beynəlxalq əlaqələrdə”, “İslam tolerantlığı: həqiqət və iftiralar” mövzuları ətrafında müzakirələr aparacaqdır. Şeyxülislam Allahşükür Paşazadə MDB Dinlərarası Şurasının həmsədri kimi tolerantlığa dair, habelə ölkəmizdə bu sahədə əldə olunmuş nailiyyətlər barədə geniş məruzə ilə çıxış edəcəkdir.