Qambiya Milli Assambleyasının sədri bölgədəki vəziyyət barədə məlumatlandırılıb


Bakı, 16 iyun, AZƏRTAC
Mərakeş Krallığında səfərdə olan Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Qambiya Respublikası Milli Assambleyasının sədri Fabakari Tombonq Catta ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə parlamentlər arasında əməkdaşlığın inkişafı, dünyada mövcud vəziyyət barədə qarşılıqlı fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Parlament Şəbəkəsinin yaradılmasından, ölkəmizin Qoşulmama Hərəkatına uğurlu rəhbərliyindən, COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşlərinin təşkilindən bəhs edilib.
Milli Məclis sədrinin müavini Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş təcavüzü, erməni vandalizmi, bir milyondan artıq insanımızın yurd-yuvalarından qovulması barədə Qambiya parlamentinin sədrinə geniş məlumat verib. İşğala son qoymuş 44 günlük Vətən müharibəsinin bitməsindən üç ilə yaxın vaxtın keçməsinə baxmayaraq, Ermənistanın hələ də sülh müqaviləsini imzalamaqdan yayındığı diqqətə çatdırılıb.
Tərəflər parlamentlərarası münasibətlərlə yanaşı, beynəlxalq parlament təşkilatlarında da qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edib.
Görüşdə Milli Məclisin deputatı Mahir Abbaszadə və Azərbaycanın Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov da iştirak edib.