Qanunsuz ağac kəsintisi faktları ilə əlaqədar dəymiş ziyanın həcmi bir neçə dəfə artırılacaq
Bakı, 2 may, AZƏRTAC
Ölkəmizdə yaşıllıqların mühafizəsi ilə bağlı qanunlar kifayət qədər sərtdir. Paytaxtda diametri 20 santimetr olan ortaölçülü ağacın kəsilməsi artıq cinayət tərkibi yaradır. Ağac kəsintisi faktı ilə əlaqədar toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilir. Əgər bununla əlaqədar cinayət işi qaldırılarsa, həmin şəxs azadlıqdan məhrum edilə bilər. Buna baxmayaraq, yaşıllıqların mühafizəsi ilə bağlı müvafiq qanunvericilik aktlarının dəyişdirilməsi üzərində layihə işlənib və bütün aidiyyəti qurumların rəyi alınıb. Bir neçə detalın dəqiqləşdirilmısi işi gedir. Yaxın aylarda həmin qanunun təsdiq ediləcəyi gözlənilir.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.
H.Əlizadə bildirib ki, qanunvericiliyə dəyişikliyə əsasən, qanunsuz ağac kəsintisi faktları ilə əlaqədar dəymiş ziyanın həcmi bir neçə dəfə artırılacaq: “Məlum olduğu kimi qanunsuz ağac kəsintisi faktları zamanı dəymiş ziyanın məbləği rayonlarla Bakı və Sumqayıt şəhərlərində fərqlənir. Belə ki, əvvəllər Bakıda və Sumqayıtda eyni ağacın kəsilməsi faktı zamanı dəymiş ziyanın məbləği regionlara nisbətən üç dəfə çox idi. Yeni dəyişikliyə əsasən, həmin məbləğ Bakı və Sumqayıtda beş-altı dəfə yuxarı olacaq. Məsələn, rayonda bir ağacın kəsilməsinə görə dəymiş ziyanın məbləği yüz manatdırsa, paytaxtda 600 manat olacaq. O cümlədən hüquqi şəxslərin cərimə olunması ilə bağlı təkliflərdə cərimə məbləğinin 35 min manatdan 50 min manata qaldırılması nəzərdə tutulub. Bu cür dəyişikliklər vətəndaşların, şirkətlərin məsələyə daha məsuliyyətlə yanaşmasına xidmət edəcək”.