Qanunvericiliyi pozan taksi şirkəti cərimələnib
Bakı, 13 iyun, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Baş Prokurorluğa daxil olmuş məlumat əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı taksi operatoru kimi qeydiyyata alınaraq fəaliyyət göstərən “Ridetech” MMC-nin (əvvəlki adı ilə “Uber Azərbaycan” MMC) direktoru Müşfiq Həsənov tərəfindən bu sahədə mövcud olan müvafiq qanun və tələblərin pozulması nəticəsində cəmiyyətə məxsus informasiya sisteminə müvafiq şəhadətnaməsi olmayan sürücülər barədə həqiqəti əks etdirməyən məlumatların daxil edilməsinə, həmin şəxslərin qanunsuz olaraq taksi fəaliyyəti ilə məşğul olmasına şərait yaradılması müəyyən edilib.
MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 326-2.2-ci (taksi sifarişi operatorları tərəfindən “Fərdi məlumatlar haqqında” Qanuna uyğun olaraq, taksi sifarişi xidmətinin göstərilməsi zamanı istifadə olunan fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət olunmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.
Bundan başqa, MMC-nin direktoru Müşfiq Həsənov həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə AYNA tərəfindən 5 min manat məbləğində inzibati cərimə edilib.