“Qarabağ hekayələri” kitabının Türkiyədə təqdimatı olub
Bakı 28 aprel, AZƏRTAC
İstanbulda Dünya Türk Forumu çərçivəsində Milli Məclisin deputatı Qənirə Paşayeva və tədqiqatçı-yazıçı İmdat Avşarın hazırlayıb tərtib etdikləri “Qarabağ hekayələri” kitabının Türkiyə türkcəsində təqdimatı və imzalanma mərasimi olub.
Kitabda Elçin Əfəndiyev, Sabir Rüstəmxanlı, Qənirə Paşayeva, Əjdər Ol, Aqil Abbas, Günel Anarqızı, Novruz Nəcəfoğlu, Pərvin Nurəliyeva, Elçin Hüseynbəyli, Məqsəd Nur, Aydın Tağıyev, Aslan Quliyev, Yaşar Əliyev, Eyvaz Zeynalov, Afaq Şıxlı, Narıngül Nadirqızı, Kamran Nəzirli, Əkbər Qoşalı, Akif Əli, İmdat Avşar, Mahir Qabiloğlu və başqalarının Qarabağ mövzusunda hekayələri yer alıb.
Mərasimdə Türk dünyasının hər tərəfindən gəlmiş ziyalılar, deputatlar, Qırğızıstan, Türkmənistan, Özbəkistan, KKTC, Tatarıstan, Krım, Rusiya, Rumıniya, Makedoniya və Yunanıstandan nümayəndələr, ABŞ, Fransa, Almaniya, Avstriya, Danimarka və bir çox ölkələrdən diaspor təşkilatlarının rəhbərləri iştirak ediblər.
Türkiyənin “Kun” kitab evində nəşr olunan “Qarabağ hekayələri” Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi və Avrasiya Beynəlxalq Mətbuat Fondunun dəstəyi ilə işıq üzü görüb. Kitab mayın 5-də Malatyada keçiriləcək böyük kitab sərgisində geniş oxucu auditoriyasına təqdim ediləcək.