SİYASƏT
Qarabağ Zəfərinin birinci ilində regionda əməkdaşlıq imkanları ilə bağlı müzakirələr aparılıb



Bakı, 1 noyabr, AZƏRTAC
Noyabrın 1-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə “Qarabağ Zəfərinin birinci ilində regionda əməkdaşlıq imkanları” mövzusunda konfrans keçirilib. Konfransda 2 panel – “Müharibə sonrası regionda geosiyasi vəziyyət” və “Regional əməkdaşlığın perspektivləri” üzrə müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev müharibədən sonra regionda yaranan vəziyyəti müzakirə etməyin, tövsiyələr hazırlamağın vacibliyini qeyd edib. Bildirilib ki, BMTM belə müzakirələri və hesabatları xüsusilə xarici tərəfdaşlarla həyata keçirir. Onun sözlərinə görə, daxili potensial fikir mübadilələrini yerli təşkilat və institutlarla da birlikdə aparmağa imkan verir.
Bakı Slavyan Universitetində rektorun səlahiyyətlərini icra edən siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev vurğulayıb ki, Vətən müharibəsindən sonra regionda əməkdaşlıq üçün yaranan yeni imkanlar və mümkün ola biləcək təhdidlərin akademik səviyyədə də müzakirəsi labüddür.
Konfransda “Müharibə sonrası regionda geosiyasi vəziyyət” mövzusunda panel üzrə BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyevin moderatorluğu çıxışlar dinlənilib.
BMTM-nin şöbə müdiri Cavid Vəliyev, Bakı Slavyan Universitetinin müəllimi Ləman Qarayeva, BMTM-nin şöbə müdiri Fuad Çıraqov mövzu ilə bağlı fikirlərini bildiriblər.
C.Vəliyev qeyd edib ki, Azərbaycanın qazandığı Qələbədən sonra qarşıda duran vəzifə regionun gələcəyinin necə qurulması ilə bağlıdır. Onun sözlərinə görə, bununla əlaqədar Azərbaycan və Türkiyə təşəbbüsü ələ alaraq regionda yeni əməkdaşlıq imkanları təklif edib. Qeyd olunub ki, müharibə zamanı və müharibədən sonra Azərbaycan və Türkiyənin regionda diplomatik üstünlüyü davam edir, bu da hər iki ölkənin ciddi hazırlığı ilə bağlıdır.
BMTM-in şöbə müdiri Fuad Çıraqov isə Qərbin müharibədən əvvəl və sonra Azərbaycana münasibətini təhlil edib, həmçinin ölkəmizə münasibətdə sərgilənən ikili standartların səbəblərinin izahını verib. Bununla yanaşı, o, Qərbin Azərbaycana mənfi təsirlərini neytrallaşdırmaq üçün atıla biləcək addımlar barədə danışıb.
BSU-nun müəllimi Ləman Qarayeva region və regiondan kənar böyük güclərin Cənubi Qafqazdakı maraqlarından danışıb. O, xüsusilə Fransa, ABŞ, İran, Rusiya və Türkiyənin kimi ölkələrin hansı maraqlardan çıxış etdiklərini sadalayıb.
Konfrans BSU-da rektorun səlahiyyətlərinin icra edən Anar Nağıyevin moderatorluğu ilə “Regionda əməkdaşlıq perspektivləri” adlı ikinci panel müzakirələrlə davam edib. BMTM-nin eksperti Orxan Bağırov Zəngəzur dəhlizinin regional ölkələrin inkişafı üçün yaratdığı imkanlar barədə təqdimatla çıxış edib. O bildirib ki, bu layihənin reallaşması Cənubi Qafqazın beynəlxalq nəqliyyat sisteminə qoşulmasında böyük rola malikdir.
BSU-nun müəllimi Şəhla Nuruzadə təklif edilən 3+3 formatının region üçün əhəmiyyəti barədə danışaraq bildirib ki, bu format gələcəkdə sabit əməkdaşlığa yol açan və gələcəkdə münaqişələrin baş qaldırması riskini azaldan bir formatdır. BSU-nun müəllimi Zümrüd Məlikova Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyasına toxunub, qarşıya çıxan çətinliklər barədə məlumat verib.
Bununla da tədbirə yekun vurulub.