“Qarabağ”ın rəqibi olmuş “Çelsi” İngiltərə Premyer Liqasında növbəti qələbəsini qazanıb
Bakı, 2 dekabr, AZƏRTAC
UEFA Çempionlar Liqasının qrup mərhələsində Ağdamın “Qarabağ” komandasının rəqibi olmuş “Çelsi” İngiltərə Premyer Liqasının 15-ci turunda öz meydanında “Nyukasl Yunayted”la qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, oyun 3:1 hesabı ilə “Çelsi”nin xeyrinə başa çatıb.
Ev sahiblərinin heyətində oyunun 21-ci və 74-cü dəqiqələrində Eden Azar dubl edib. Daha bir qolu Alvaro Morata (33-cü dəqiqə) vurub. “Nyukasl”ın oyundakı yeganə qoluna 12-ci dəqiqədə Duayt Qeyl imza atıb.
Hazırda on beş oyundan 32 xal toplayan “Çelsi” turnir cədvəlində “Mançester Yunayted”lə ikinci-üçüncü yerləri bölüşür.
Bu gün futbol azarkeşlərini daha bir maraqlı oyun gözləyir. “Arsenal” komandası Londonda “Mançester Yunayted”i qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Xatırladaq ki, on dörd oyundan 40 xal toplayan “Mançester Siti” komandası İngiltərə Premyer Liqasında liderlik edir. “Şəhərlilər” turnir cədvəlində ən yaxın rəqibi olan “Mançester Yunayted”dən səkkiz xal irəlidədir.