Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib
Qax, 25 may, Mustafa Dadaşov, AZƏRTAC
Mayın 25-də Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları, əvvəlcə, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.
Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının inzibati binasında keçirilən tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının, həmçinin hesabat dövründə vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransı rayon icra hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova açaraq, ölkənin, eləcə də rayonun ictimai-siyasi həyatında ağsaqqalların rolu və nüfuzundan danışıb. Vurğulanıb ki, xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqal tövsiyəsi və məsləhəti xüsusi əhəmiyyət kəsb edir.
Konfransda Qax Rayon Ağsaqqallar Şurasının sədri Nadir Aşurovun hesabat məruzəsi dinlənilib.
Respublika Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların böyük rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından danışıb. Diqqətə çatdırılıb ki, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyə olunmasında ağsaqqallara hər zaman böyük ehtiyac duyulur.
Şuranın sədr müavini ağsaqqallara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.
Sonra təşkilati məsələlər müzakirə olunub, Qax Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi qəbul edilib. Nadir Aşurov yenidən Şuranın sədri seçilib. Konfransda, həmçinin rayon Ağsaqqallar Şurasının İdarə heyətinin və Təftiş komissiyasının yeni tərkibi təsdiq olunub.