QAXDA PREZİDENT FƏRMANININ İCRASI İLƏ BAĞLI MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLMİŞDİR
Bu fikir Fərmanın icrası ilə əlaqədar rayonda keçirilmiş geniş yığıncaqda dəfələrlə səslənmişdir.
İcra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yığıncaqda rayonun ayrı-ayrı idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin 2003-cü ildəki fəaliyyətinə dair hesabatlar dinlənilmiş, Fərmanın icrası ilə bağlı konkret təkliflər və tapşırıqlar verilmişdir. Qeyd olunmuşdur ki, rayonda işsizliyin azaldılması üçün ilk növbədə, mövcud sənaye müəssisələrinin, o cümlədən, “Qax-konserv”, “Qax-taxıl”, “Yağ-pendir”, “Toxucu” açıq tipli səhmdar cəmiyyətlərinin yenidən fəaliyyətə başlaması və ya işinin canlandırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir.
Çıxış edən natiqlər rayonda gələcəkdə dərman bitkilərinin, meyvə və giləmeyvələrin tədarükü və emalı ilə məşğul olan müəssisələrin, qum, çınqıl və digər təbii tikinti materialları üzrə istehsal sexlərinin yaradılmasının vacibliyinə toxunmuş və bu məqsədlə yerli və xarici iş adamlarının cəlb olunmasını təklif etmişlər.
Yığıncaqda qeyd olunmuşdur ki, aqrar islahatların ikinci mərhələsinin də uğurla başa çatdırılması üçün fermerlərə hərtərəfli şərait yaradılması, təsərrüfatların maddi-texniki bazaları möhkəmləndirilməli, yeni texniki servis xidmətləri təşkil olunmalı, kreditlər ayrılmalı, rayon üçün ənənəvi sahələrdən sayılan tütünçülük və baramaçılığın dinamik inkişafı təmin olunmalıdır.
Prezident Fərmanının icrasını təmin etmək məqsədi ilə rayon icra hakimiyyətində müvafiq komissiya yaradılmış və xüsusi tədbirlər planı hazırlanmışdır.