Qazaxda Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 106-cı ildönümü ilə bağlı tədbir keçirilib
Qazax, 19 avqust, Ruslan Novruzoğlu, AZƏRTAC
Qazax rayonunda Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 106-cı ildönümü ilə bağlı tədbir təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Qazax Rayon İcra Hakimiyyətinin və Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatı Səməd Seyidov, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhidlərin ailə üzvləri, veteranlar, ziyalılar, media nümayəndələri və başqaları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar. Həmçinin Ümummilli Liderin adını daşıyan mərkəzi ziyarət ediblər.
Sonra “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Tədbir çərçivəsində diviziyanın bir qrup hərbi qulluqçusuna Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanları təqdim olunub.
Tədbir Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi tərəfindən təşkil olunmuş konsert proqramı ilə davam etdirilib.