QAZAXISTAN PREZİDENTİ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNƏ KÖMƏK ETMƏYƏ HAZIRDIR
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Dağlıq Qarabağ münaqişəsinin dincliklə nizama salınmasına kömək etməyə hazırdır. AZƏRTAC Qazaxıstan tudey agentliyinə istinadla xəbər verir ki, Qazaxıstan lideri bunu dekabrın 5-də Astanada brifinqdə Azərbaycan jurnalistlərinin sualına cavab verərkən bildirmişdir.
Nursultan Nazarbayev demişdir: “Mən 1991-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında iştirak etmişəm. Onda xalqın düçar olduğu müsibətləri öz gözlərimlə gördüm. Bir daha bəyan edirəm ki, qonşuların millətlərarası toqquşmaları insanların ancaq müsibətlərinə və bədbəxtliyinə gətirib çıxarır. Ona görə də yaxın xalqlar arasında, Azərbaycanla Ermənistan arasında münaqişənin nizama salınmasında hər vasitə ilə iştirak etməyə hazıram”.