QAZAXISTAN XALQLARI ASSAMBLEYASININ ONUNCU SESSİYASI BAŞA ÇATMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sessiyanın işində Assambleyanın, hökumətin üzvləri, parlamentin deputatları, mərkəzi dövlət orqanlarının rəhbərləri, ölkədəki ictimai və milli-mədəniyyət mərkəzlərinin, həmçinin Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzlərinin rəhbərləri iştirak etmişlər.
İclası Qazaxıstan Xalqları Assambleyasının sədri, Qazaxıstan
Prezidenti Nursultan Nazarbayev açmışdır. O demişdir: “Qazaxıstandakı etniklərarası sabitlik, sülh və əmin-amanlıq qeyri-sabit dünyada bizim ciddi uğurumuzdur. Qazaxıstan Xalqları Assambleyasının bu işdə rolu və xidmətləri son dərəcə böyükdür”.
Milli mədəniyyət mərkəzlərinin rəhbərləri çıxış edərək dövlətin milli azlıqlara göstərdiyi qayğıdan danışmış, qarşıya çıxan problemlərdən söhbət açmışlar. Sessiyada deyilmişdir ki, məhz dövlət qayğısının nəticəsi olaraq Qazaxıstanda milli məktəblərin geniş şəbəkəsi yaradılmışdır. 11 dildə qəzet və jurnal çap edilir. 12 dildə 44 telestudiya, 7 dildə 18 radiostansiya fəaliyyət göstərir. Hazırda ölkədəki milli mədəniyyət mərkəzlərinin nəzdində yaradılmış 179 bazar günü məktəbində 23 xalqın dili, ədəbiyyatı, tarixi, mədəniyyəti öyrədilir.
İndi Almatıda və Qazaxıstanın müxtəlif vilayətlərində 10-a yaxın Azərbaycan məktəbi açılmışdır. Dövlət və özəl radiolarda Azərbaycan dilində proqramlar hazırlanır. Abay adına Almatı Dövlət Universitetinin şərq fakültəsi nəzdində qazax-Azərbaycan dili şöbəsi fəaliyyət göstərir. Bu şöbəni universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, soydaşımız Knyaz Mirzəyev 12 il bundan əvvəl yaratmışdır və burada Qazaxıstandakı Azərbaycan məktəbləri üçün kadrlar hazırlanır.