QAZAXISTANDAKI AXISKA TÜRKLƏRİ DƏRNƏKLƏRİNİN YIĞINCAĞI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Almatıda Qazaxıstanın vilayət və rayonlarında fəaliyyət göstərən Axıska türkləri dərnəkləri rəhbərlərinin yığıncağı keçirilmişdir.
Tədbirdə Almatıdakı “Axıska türkləri” dərnəyinin başçısı, Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin Bakıda keçirilən birinci Forumunun iştirakçısı Ziyaeddin İsmixanoğlu tədbirin məqsəd və vəzifələrindən, müzakirə olunan məsələlər barədə danışmışdır.
Ziyaeddin İsmixanoğlu belə mötəbər bir Forumun keçirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirmişdir. O demişdir:” Belə bir Forum çoxdan keçirilməli idi. İlk dəfə idi ki, Azərbaycan və türk diaspor təşkilatları ümumi işlərin əlaqələndirilməsi üçün bir yerə yığışmışdı. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən qarşımıza təxirəsalınmaz vəzifələr qoylmuşdur və biz Qazaxıstandakı Azərbaycan mədəniyyət mərkəzləri ilə fəaliyyətimizi əlaqələndirəcək və bizi soyqırımında təqsirləndirən, qardaş Azərbaycan xalqının torpaqlarını işğal edən ermənilərin yalan və iftiralarına qarşı birgə mübarizə aparacağıq”.
İclasda Azərbaycan, türk, ingilis və rus dillərində jurnalın nəşri barədə qərar qəbul edilmişdir. Ramiz Məşədihəsənli jurnalın baş redaktoru, Hökumə Xəlilova isə müavin təyin olunmuşlar.
Tədbirdə Ziyaeddin İsmixanoğluna Bişkekdəki “Türkül” Beynəlxalq Fondunun “Fəxri diplomu” təqdim edilmişdir.