Qazaxıstanlı alimlər Mikrobiologiya İnstitutunda
Bakı, 16 iyun, AZƏRTAC
Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyinin Elm Komitəsinin Mikroorqanizmlərin Respublika Kolleksiyası dövlət müəssisəsinin əməkdaşı professor Axan Abjalelov və baş elmi katibi Aslan Temirxanov Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda olublar.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, Mikrobiologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov qonaqları müəssisə ilə tanış edib, qurumun əsas fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri, görülən işlər barədə məlumat verib.
Sonra qazaxıstanlı alimlər laboratoriyalarda aparılan elmi-tədqiqat işləri ilə tanış olublar. Tanışlıq zamanı alimlər öz elmi müəssisələrində görülən işlərlə bağlı məlumat verib və sualları cavablandırıblar.
Sonda müzakirələrin nəticəsi kimi Mikrobiologiya İnstitutu ilə Qazaxıstan Elm və Təhsil Nazirliyinin Elm Komitəsinin Mikroorqanizmlərin Respublika Kolleksiyası dövlət müəssisəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb, sertifikatlar təqdim olunub.