Qazaxıstanlı politoloq: Belə məqamlarda qazax xalqı Azərbaycan xalqına tam mənəvi dəstək göstərir
Nur-Sultan, 9 oktyabr, AZƏRTAC
Bir qazax, türk olaraq bu münaqişənin Azərbaycan xalqının xeyrinə sülh yolu ilə başa çatmasının tərəfdarıyam. Məhz onlara görə çox narahatam, azərbaycanlılar qazax xalqı üçün qardaşdırlar.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Qazaxıstanın Avrasiya İnteqrasiya İnstitutunun eksperti, politoloq Samat Nurtaza söyləyib. O deyib: “Biz qədim və orta əsrlərdən vahid xalq olmuşuq. Belə məqamlarda qazax xalqı qəlbən Azərbaycan xalqına tam mənəvi dəstək göstərir”.
Dağlıq Qarabağdakı münaqişənin sülh yolu ilə ədalətli həllinin vacibliyini bildirən politoloq bu bölgədəki yaşayış məntəqələrinin, kənd və dağların adlarının qədim türk adları olduğunu vurğulayıb. O bildirib: “Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsi hüquqi müstəvidə öz müsbət həllini tapacaq və Qafqazda bütün millətlər üçün sülh bərqərar olacaq.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan