QAZLI SULAR ABŞ-DA PİYLƏNMƏ EPİDEMİYASININ BAŞLICA SƏBƏBİ ELAN EDİLMİŞDİR
Alimlər bildirmişlər ki, orta statistik amerikalının qidasında bütün karbohidratların təxminən üçdəbiri şəkərin müxtəlif əvəzedicilərinin payına düşür, onların yarısını istehlakçı qazlaşdırılmış içkilərdən alır. Bundan başqa, gündə bir banka əlavə şirin qazlı su çəkinin il ərzində 6,8 kiloqram artmasına gətirib çıxara bilər.
ABŞ Kardiologiya Assosiasiyasının dəstəyi ilə aparılan tədqiqat layihəsinin əlaqələndiricisi Frənk Hu demişdir ki, əldə edilmiş nəticələr ölkədə qidalanma problemləri barədə son 40 ildə dərc olunmuş 30 elmi işdə əksini tapan məlumatların dərindən araşdırılmasına əsaslanır. Bütün bunlar son vaxtlar ABŞ-da şirin qazlı suların reklamını və yayılmasını məhdudlaşdırmaq sahəsində göstərilən səylərin əsaslı olduğunu təsdiqləyir.
Əksər sərinləşdirici içkilərin tərkibinə daxil edilən əsas şirinləşdirici maddə qarğıdalı şərbətidir ki, onun da tərkibində fruktoza olduqca çoxdur. Qlükozadan fərqli olaraq, bu monosaxarid karbohidratların metabolizmində (maddələr mübadiləsi) iştirak edən insulinin orqanizm tərəfindən istehsalını stimullaşdırmağa qadir deyildir.