QDİƏT PM-in komitə iclasında Azərbaycandakı qanun yaradıcılığı prosesindən bəhs edilib
Bakı, 22 fevral, AZƏRTAC
Fevralın 22-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Hüquqi və siyasi məsələlər üzrə komitəsinin videokonfrans formatında 61-ci iclası keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, komitə iclasında Milli Məclisin QDİƏT PM-də nümayəndə heyətinin rəhbəri, qurumun sədr müavini Eldar Quliyev, deputat Jalə Əhmədova, QDİƏT PM-in Baş katibi Asəf Hacıyev və digər üzv ölkələrin parlamentariləri iştirak ediblər.
Komitədə, əvvəlcə iclasın gündəliyi və 60-cı iclasın protokolu təsdiq edilib. Sonra tədbirdə “QDİƏT-ə üzv dövlətlərdə iqtisadi təhlükəsizliyin gücləndirilməsində parlamentlərin rolu” mövzusunda məruzə təqdim edilib. Komitə üzvləri mövzu ilə bağlı fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.
Milli Məclisin deputatı Jalə Əhmədova iclasda mövzu ilə bağlı çıxış edib. Deputat əvvəlcə Türkiyədə baş verən zəlzələdə həlak olanların xatirəsini yad edib, qardaş türk xalqına başsağlığı diləklərini bildirib. J.Əhmədova vurğulayıb ki, Azərbaycanda qanun yaradıcılığı prosesində vətəndaşların sağlamlığı, təhsili, məşğulluğu və sosial müdafiəsi məsələləri prioritet istiqamət təşkil edir. O, bu tendensiyanın 2023-cü ilin dövlət büdcəsində də qabarıq şəkildə əks olunduğunu qeyd edərək büdcədə əməkhaqlarının, pensiyaların, müavinətlərin, təhsil kimi sosial təminat xərclərin artırılması tədbirlərindən danışıb. Bildirib ki, Azərbaycanda vətəndaşların sosial müdafiəsinə və rifahının yüksəldilməsinə xüsusi diqqət yetirilir.
İclasın yekununda komitənin növbəti iclasının tarixi, yeri və gündəliyi müəyyənləşdirilib.