REGİONLAR
Qəbələdə ətraf mühitin sağlamlaşdırılması məsələləri müzakirə olunub
Qəbələ, 15 mart, Mustafa Dadaşov, AZƏRTAC
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Sosial elmlərdə yaşıl dünya məsələsi: yaşıl cəmiyyətlərin qurulması” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, Peşə Təhsil Mərkəzinin rəhbərliyi və mühəndis-pedaqoji heyəti iştirak edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Peşə Təhsil Mərkəzindən məlumat verilib.
Bildirilib ki, tədbirdə çıxış edənlər Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri - “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsindən, həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində görülən işlərdən və bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar.
Dəyirmi masada, həmçinin Mərkəzin ixtisas fənn müəllimləri tərəfindən hazırlanmış “Yaşıl enerji texnologiyaları” və “Yaşıl turizm” mövzusunda təqdimatlar nümayiş edilib, mövzu ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb.