Qəbələdə koronavirus əleyhinə tədbirlər davam etdirilir
Qəbələ, 27 mart, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Qəbələ rayonunda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir. Rayon icra hakimiyyəti yanında yaradılan operativ qərargah Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün Qəbələ şəhərində, eləcə də rayonun qəsəbə və kəndlərində mütəmadi olaraq zəruri qabaqlayıcı tədbirlər həyata keçirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyəti tərəfindən tərtib edilən qrafik əsasında Qəbələ şəhərinin Heydər Əliyev prospektində, Həzi Aslanov küçəsində, Ulu Öndərin adını daşıyan parkda növbəti dezinfeksiya işləri aparılıb. Eyni zamanda, şəhərdəki 3 saylı körpələr evi və 5 saylı tam orta məktəbdə, həmçinin Bum və Vəndam qəsəbələrində, Tüntül və Nohurqışlaq kəndlərində də sanitar-dezinfeksiya işləri həyata keçirilib. Ümumiyyətlə, koronavirus əleyhinə tibbi-profilaktik və qabaqlayıcı tədbirlər rayonun bütün yaşayış məntəqələrini əhatə edir.
Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün sakinlər arasında geniş maarifləndirmə və təbliğat işləri də aparılır.