QƏBƏLƏDƏ ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN XATİRƏSİNİ ANMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ilk öncə dövlət himni səsləndirilmişdir. Tədbirin iştirakçıları ulu öndərin adını daşıyan guşədə olmuş, portreti önünə gül-çiçək dəstələri qoymuş, xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Qüdrət Səmədov Heydər Əliyevin mənalı həyatından, səmərəli fəaliyyətindən, xalqımızın müstəqilliyi və inkişafı yolunda misilsiz xidmətlərindən danışmışdır.
Sonra rayon ziyalıları, ağsaqqallar, gənclərin nümayəndələri bugünkü sabitlik, dinclik şəraitində yaşadıqlarına görə, daim Heydər Əliyevə minnətdar olduqlarını bildirmişlər. Çıxışlarda o da vurğulanmışdır ki, Heydər Əliyevin siyasi kursunu, onun qoyub getdiyi ənənələri Prezident İlham Əliyev ləyaqətlə davam etdirir.