Qənirə Paşayeva: Dövlətimizin ədalətli mövqeyi dünya ictimaiyyətinə aydın şəkildə çatdırıldı

Bakı, 3 avqust, AZƏRTAC
“Euronews” Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada bu televiziya kanalına verdiyi müsahibəni yayımlayıb. “Euronews”un nüfuzu, tamaşaçı, dinləyici və oxucu auditoriyası hər kəsə bəllidir. Sözügedən müsahibədə dövlətimizin başçısına ünvanlanan suallar və verilən sərrast cavablar çox əhatəli, təsirli və məzmunludur. Azərbaycan Prezidentinin müsahibəsinin təhlil olunması və tirajlanması bu baxımdan heç də təsadüfi deyildir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva deyib.
O bildirib ki, müsahibəsində dövlətimizin başçısının gündəmdə olan məsələlərlə yanaşı, yaxın keçmişə və gələcəyə yönəlik suallara cavabları dünya nizamı, beynəlxalq hüquq, regional əməkdaşlıq, davamlı sülh baxımından xüsusilə diqqət çəkir. Müsahibə 44 günlük Vətən müharibəsində Zəfərin rəmzi olan doğma Şuşada verilib. Qalib ölkənin lideri məhz sülh, quruculuq, birgəyaşayış vurğusu ilə əsl qaliblərin yüksək ləyaqətini bir daha nümayiş etdirmiş oldu. Biz saxta “qalib”lərin uzun işğal illəri boyunca sərgilədiyi münasibəti, bədnam ədanı çox görmüşdük. Zatən işğalçı ləyaqətli ola bilməz. Qurtarıcı, qurucu, öz ərazi bütövlüyünü, suveren hüquqlarını bərpa etmiş Azərbaycan liderinin qüruru ədaləti özündə təcəssüm etdirir.
Otuz illik işğalın acı nəticələri, soyqırımı aktları üzərindən sülh quruculuğu təklifi ilə çıxış etmək özü şərəf və ləyaqəti, gələcəyə baxışı ifadə edir. Dünya ictimaiyyəti bunun fərqində olmalıdır. Dünya erməniliyi ədalətsiz çağırışlarına, revanşizmə son qoymalıdır. İşğalçı ilə işğala məruz qalanı eyni tutmaq ədalətə, multikulturalizmə, birgəyaşayışa, dünya nizamına xidmət etmir.
İşğaldan əziyyət çəkməsinə və ədaləti hərbi yolla həll etməsinə baxmayaraq Azərbaycanın sülh təşəbbüsü ilə çıxış etdiyini diqqətə çatdıran komitə sədri bildirib ki, Prezident İlham Əliyev normallaşma prosesində vasitəçilərin rolunu xüsusi qeyd edib: “Brüssel görüşləri Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən təşkil olunur. Həmin görüşlər çox həssas məsələlərə toxunmaq imkanını verir”. Dövlətimizin başçısı sülh üçün prinsipial şərtlərə, onun qalıcı olmasının vacibliyi məsələsinə toxunub.
“Qarabağın erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyası gündəmdə olan mövzudur. Müsahibəsində bu mövzudan da danışan dövlətimizin başçısı jurnalistin sualına cavabında dövlətimizin, xalqımızın ədalətli və ləyaqətli mövqeyini bir daha parlaq şəkildə dünya ictimaiyyətinə çatdırıb.
Azərbaycan Qarabağda yaşayan erməni əhalisinə normal həyat və bütün hüquqlarının təmin olunmasını təklif edir. Seçimi düzgün dəyərləndirməyənlər isə peşman olacaqlar”, - deyə Qənirə Paşayeva bildirib.