SİYASƏT
QHT sədri: Minaların təmizlənməsi prosesində beynəlxalq birlik tərəfindən ölkəmizə dəstək olmalıdır
![QHT sədri: Minaların təmizlənməsi prosesində beynəlxalq birlik tərəfindən ölkəmizə dəstək olmalıdır](/files/2023/2/1200x630/16911569562315037634_1200x630.jpg)
Bakı, 4 avqust, AZƏRTAC
Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təsisatlarının, xüsusilə də qeyri-hökumət təşkilatlarının, mina problemləri ilə məşğul olan qurumlar mina təhlükəsizliyi ilə əlaqədar artıq bir neçə dəfə beynəlxalq təşkilatlara müraciət ünvanlayıblar. Biz İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra işğaldan azad olunmuş ərazilərə səfər etmişdik və həmin səfər zamanı Füzulidə, Ağdamda mina partlayışlarının səslərini eşidirdik. Həmin səfərdən qayıtdıqdan sonra beynəlxalq ictimaiyyətə və təşkilatlara ilk bəyanatımızı ünvanladıq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.
H.Səfixanov qeyd edib ki, ölkəmizdə mina təhlükəsi ilə məşğul olan qeyri-hökumət təşkilatları petisiya ilə çıxış ediblər. “Bugünkü müraciətimiz ilk deyil. Biz belə müraciətlər imzalamışıq, bəyanatlar vermişik. İndiki müraciətimizin əsas məqsədi odur ki, sülhyaratma prosesində əsas problemlərdən biri olan minaların aradan qaldırılmasına beynəlxalq ictimaiyyətdən dəstək istəyək. Azərbaycan dünyada ərazisi ən çox minalanmış ölkələrin ilk onluğundadır”, - deyə o qeyd edib.
QHT sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərimizdə minalar təmizlənmədən sərbəst iş görmək mümkün deyil. Buna görə Vətəndaş cəmiyyəti təmsilçiləri olaraq BMT-nin Baş katibinə, BMT Baş Assambleyasının Prezidentinə, BMT İnsan hüquqlarının Prezidentinə, İnsan Hüquqları üzrə Ali Komissara, Avropa Şurası təsisatlarına, Avropa İttifaqına, Böyük Britaniya rəhbərliyinə müraciətlər ünvanlayıblar. Minalar və partlamamış sursatlar Azərbaycan üçün böyük problemdir. Ölkəmizdə mina qurbanlarının sayı hər an artmaqdadır. Bu qurbanların böyük əksəriyyəti mülki şəxslərdir. Bu şəxslər arasında qadınlar, uşaqlar, hətta jurnalistlər də var.
“Minalar məcburi köçkünlərin də doğma yurdlarına qayıtmalarına ən böyük əngəldir. Ölkəmiz bu problemin tezliklə bitməsi üçün əlindən gələni edir. Bu işlərin böyük hissəsi dövlət büdcəsi hesabına maliyyələşdirilir. Müraciətimizin əsas məqsədi odur ki, bu işdə Azərbaycan tək buraxılmamalıdır, ölkəmizə beynəlxalq birlik tərəfindən dəstək olmalıdır”, - deyə QHT sədri əlavə edib.
Xatırladaq ki, bu gün Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri humanitar minatəmizləmənin sülhün qurulması prosesindəki potensialından istifadəyə çağırışla əlaqədar beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıblar.