CƏMİYYƏT
Qlobal istiləşmə nəticəsində Abşeron yarımadasına düşən yağıntıların miqdarı artıb
Bakı, 12 iyun, AZƏRTAC
Qlobal istiləşmə ölkəmizin iqlim amillərinə müxtəlif dərəcədə təsir edib. Son otuz il ərzində Azərbaycanda orta temperatur əvvəlki 30 ilə nisbətən artıb. Demək olar ki, respublikanın bütün ərazilərində istiləşmə baş verib. Bir sıra bölgələrdə artım 0.8-0.9, bəzilərində isə bir qədər çoxdur. Məsələn Qəbələ-Oğuz zonasında artım 1.2-1.3 dərəcə təşkil edir.
AZƏRTAC xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri Səid Səfərov deyib.
Qlobal istiləşmə nəticəsində ölkəmizdə atmosfer yağıntıların miqdarının əksər ərazilərdə azaldığını qeyd edən S.Səfərov bildirib: “Lakin Coğrafiya İnstitutunun tədqiqatlarına əsasən Abşeron yarımadasına düşən yağıntıların miqdarı bir qədər artıb. Bu isə dəyişəndir. Yəni müəyyən təsirlərdən yağıntıların bölgələr üzrə paylanması dəyişə bilər”.