Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru: Regional mərkəzlərin yaradılması əsas məqsədlərimizdəndir

Qobustan, 20 iyun, G.Mahmudlu, M.Cəfərov, S.Məcnun, AZƏRTAC
70 çarpayılıq Qobustan Rayon Mərkəzi Xəstəxanası Qobustanın və ətraf rayonların 50 minə yaxın əhalisinə xidmət göstərir. Bu ilin ilk beş ayı ərzində xəstəxanada 44 min 320 xəstə tibbi xidmətlərdən yararlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Qobustan Rayon Mərkəzi Xəstəxanasına təşkil edilən mediatur zamanı xəstəxananın direktoru Günay Muradova məlumat verib.
O bildirib ki, 2024-cü il və 2025-ci ilin ilk 5 ayında Qobustan Rayon Mərkəzi Xəstəxanasında ambulator xidmət üzrə 136 min 400, stasionar xidmət üzrə 2 min 600, təcili tibbi yardım üzrə 16 min 400 müraciət qeydə alınıb. Bu ilin ilk 5 ayında həyata keçirilən əməliyyatların ümumi sayı 155, doğum sayı 12, radioloji xidmətlərin sayı 22 min 900, laborator xidmətlərin sayı isə 65 min 800 olub.
Onun sözlərinə görə, əhaliyə hərtərəfli tibbi xidmət göstərilməsi üçün xəstəxanada geniş imkanlar yaradılıb. Xəstəxana exokardioqrafiya (EXO), çoxkəsikli kompüter tomoqrafiyası (KT), rəqəmsal ultrasəs müayinə cihazı, teleskopik rentgen, rəqəmsal DR rentgen qurğusu, laparoskop, exokardioqrafiya və digər müasir maddi-texniki avadanlıqlarla tam təchiz edilib. Bundan əlavə, tibb müəssisəsində bir sıra yeniliklər həyata keçirilib - yeni tibbi cihazlar alınıb, ixtisaslaşmış həkim-mütəxəssislər işə qəbul edilib, həmçinin LOR, oftalmoloji, uroloji, laporoskopik və travmatoloji əməliyyatlarının icrasına başlanılıb. “2025-ci ildə əməliyyatların sayının artırılması, Regional travmatoloji, oftalmoloji və LOR mərkəzlərinin yaradılması, Fizioterapiya şöbəsinin stasionar xidmət formatına keçirilməsi xəstəxananın əsas məqsədlərindəndir", - deyə G.Muradova vurğulayıb.