Qobustanda tənha və ahıl insanlar ziyarət olunur
Qobustan, 27 mart, AZƏRTAC
Qobustan rayonunda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqəsədilə Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın qərarları və tövsiyələri məsuliyyətlə icra edilir.
Bu barədə rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Operativ Qərargahın qərarı ilə 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib və bu kateqoriyadan olan tənha şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsinin təmin edilməsi tapşırılıb. Bu məqsədlə rayon icra hakimiyyəti yanında yaradılan qərargahın toplantısında qərarın icrası ilə əlaqədar görüləcək işlər müəyyən edilərək aidiyyəti üzrə tövsiyə və tapşırıqlar verilib. Göstərilən tarixdən etibarən 65 yaşdan yuxarı sakinlərin evdə qalması tövsiyə olunub və onların qayğıları nəzarətə götürülüb. Bu səbəbdən yaşlı nəslin, xüsusilə də tənha və kimsəsizlərin evdə qalması, çətinliklərinin və qayğılarının artacağı nəzərə alınıb və aidiyyəti qurumlar tərəfindən mütəmadi olaraq ziyarətləri təşkil olunub. Gün ərzində ahıl, tənha və kimsəsiz sakinlər yerli icra nümayəndələri və bələdiyyə sədrləri tərəfindən ziyarət edilir, onlara ərzaq və tibbi ləvazimat verilir, maarifləndirici söhbətlər aparılır.
Rayonda gigiyena və epidemiologiya mərkəzi gücləndirilmiş iş rejimi şəraitində işləyir. Peşəkar dezinfektorlar qrafiq əsasında idarə, müəssisə və təşkilatların inzibati binalarını, təhsil və mədəniyyət ocaqlarını, ictimai yaşayış binalarını, küçə və parkları dezinfeksiya edirlər.