Qoşulmama və kollektiv müdafiə anlayışları: Qoşulmama Hərəkatının perspektivləri - mühazirə
Bakı, 15 iyul, AZƏRTAC
İyulun 15-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) təşkilatçılığı ilə Xarici İşlər Nazirliyinin Hərbi-siyasi məsələlər idarəsinin rəisi Qaya Məmmədov “Qoşulmama və kollektiv müdafiə anlayışları: Qoşulmama Hərəkatının perspektivləri” mövzusunda mühazirə söyləyib. Mühazirə 40-dan çox gəncin iştirakı ilə QHGT-nin yeni açılmış mənzil-qərargahında baş tutub.
Bu barədə AZƏRTAC-a QHGT-dən məlumat verilib.
Q. Məmmədov QHGT-nin Azərbaycanın QH-yə sədrliyi dövründə irəli sürdüyü vacib təşəbbüslərdən biri olduğunu bildirib. Vurğulayıb ki, QHGT-nin yaratdığı mədəniyyətlərarası platforma gənclərin siyasi proseslərdə iştirakına geniş imkanlar açaraq Hərəkatın beynəlxalq aləmdə nüfuzunun artmasına xidmət edir.
Mühazirədə, həmçinin QH-nin yaranmasına təkan verən siyasi-hərbi qütbləşmələrin tarixindən söhbət açılıb. Daha sonra, Q. Məmmədov Bandunq prinsipləri və onların beynəlxalq sülh və təhlükəsizliyin təminatında rolundan bəhs edib.
Tədbir sual-cavab sessiyası ilə davam edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin Hərəkata sədrliyi dövründə yaradılan Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi Hərəkatın institusional inkişafı üçün atılmış vacib addımlardan biridir. 2022-ci ilin iyul ayında Şuşa Akkordları sənədi ilə Şəbəkədən Təşkilata çevrilmiş QHGT-nin əsas missiyası cəmiyyətin aktiv üzvləri olan gənclərin müasir, milli və dünyəvi problemlərin həllində həmrəy fəaliyyətinə təkan verməkdir. Təşkilatın Bakıda yerləşən mənzil qərargahı 6 iyul 2023-cü il tarixində təntənəli açılış mərasimi ilə fəaliyyətə başlayıb.