Qubada ağır vəziyyətdə olan ana və körpəsinin həyatı xilas edilib
Quba, 19 noyabr, Elxan Yusifli, AZƏRTAC
Qubada ağır vəziyyətdə olan ana və körpəsinin həyatı xilas edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sentyabrın 28-də 1989-cu il təvəllüdlü hamilə ağır vəziyyətdə Quba Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Pasiyentə 32 həftəlik hamiləlik, uşaqlıq üzərində çapıq, mərkəzi cift gəlişi, ciftin vaxtından əvvəl ayrılması diaqnozu təyin olunub və zəruri ilkin tibbi xidmət göstərilərək ağır qanaxma ilə Quba Regional Perinatal Mərkəzə təxliyə edilib.
Zəruri tibbi xidmətlər göstərildikdən sonra həkim rəyi əsasında qeysəriyyə kəsiyi əməliyyatı icra olunub.
Qeysəriyyə kəsiyi əməliyyatı ilə qadının çəkisi 1600 qram, boyu 42 santimetr olan oğlan övladı dünyaya gəlib.
Hamilə ağır qanaxma ilə cərrahi əməliyyat edildiyi üçün körpəsi əməliyyatdan ağır asfiksiya halı ilə dünyaya gəlib. Körpə Əməliyyat blokunda reanimasiya tədbirləri nəticəsində həyata qaytarılıb. Dövlət təminatlı “Curosurf” preparatı LISA metodu ilə körpənin ağciyərlərinə yeridilib, 3 həftə müddətində süni tənəffüs dəstəyi ilə təmin olunub.
Zahı qadının müalicəsi Reanimasiya, körpənin müalicəsi isə Yenidoğulmuşların reanimasiyası şöbəsində davam etdirilib. Körpə intensiv reanimasiya tədbirləri və həkimlərin çoxsaylı səyləri nəticəsində sərbəst nəfəs alır, aktiv əmmə refleksi var, qidanı yaxşı qəbul edir və laborator göstəriciləri normaya uyğundur.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən ana və körpəsi evə buraxılıb.