Qubada Vətən müharibəsi qaziləri üçün konsert təşkil olunub
Quba, 23 iyun, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 103 illiyi münasibətilə Qubada Vətən müharibəsi qaziləri üçün konsert təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Susay kəndində dağlar qoynunda təşkil olunan konsertdə respublikanın tanınmış incəsənət nümayəndələri çıxış edib.
Konsertdən əvvəl rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və bir qrup qazi Susay kəndində dəfn olunan türk əsgərinin məzarını ziyarət ediblər. Həmin əsgər 1918-ci ildə Azərbaycana köməyə gələn xilaskar türk ordusunun könüllüləri sırasında Quba qəzasında soyqırımı törədən ermənilərə qarşı döyüşlərdə qəhrəmanlıqla şəhid olub.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu müstəqil dövlətimizin tarixinə parlaq, qürurverici, şanlı səhifə yazdı. 30 illik həsrətdən sonra doğma torpaqlara qovuşmaq naminə düşmən üzərində əzici qələbə qazandıq. Müzəffər Ali Baş Komandan və güclü ordumuz xalqımızı arzu və istəklərinə qovuşdurdu. Döyüşlərdə bütün dünyaya Azərbaycan xalqının əzmi, Azərbaycan Ordusunun döyüş qabiliyyəti nümayiş etdirildi.
Quba rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov, şair Ramiz Qusarçaylı və başqaları çıxışlarında bildiriblər ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan əsgər və zabitlərin xatirəsi daim yaddaşlarda qalacaq. Uzun illərdir işğal edilən torpaqlarımız məhz onların göstərdiyi şücaət nəticəsində azad olunub. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan döyüşlərdə ordumuz şəhidlərimizin qanını yerdə qoymadı.
Şuşadakı Cıdır düzünü xatırladan meydanda, açıq havada təşkil olunan konsertdə Azərbaycanın tanınmış incəsənət xadimləri Qarabağa, döyüşçülərimizin qəhrəmanlıqlarına həsr olunan mahnılar oxuyublar.