Qubanın ucqar dağ kəndində yeni avtomobil körpüsü istifadəyə verilib
Quba, 19 mart, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunun Yerfi kəndində dağ çayı üzərində inşa olunan avtomobil körpüsü sakinlərin istifadəsinə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni körpüdən Yerfi ilə yanaşı, Talış və Dərk kəndlərinin sakinləri də faydalanacaq.
Dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşən Yerfi kəndi rayon mərkəzindən 50 kilometr məsafədədir. Körpü inşa olunmamışdan qabaq bu kəndin sakinləri bir sıra çətinliklərlə üzləşirdi. Çayda suyun səviyyəsi qalxdığı günlərdə rayon mərkəzinə gəliş-gediş məhdudlaşırdı.
Kənddə keçirilən səyyar qəbul zamanı sakinlərin Quba Rayon İcra Hakimiyyətinin başçısına müraciətdən sonra yeni körpünün inşasına başlanılıb. Cari ilin fevral ayının əvvəllərindən başlayan tikinti işləri Novruz bayramı ərəfəsinə başa çatdırılıb və körpü əhalinin istifadəsinə verilib.
Uzunluğu 6 eni 4,5 metr olan avtomobil körpüsü vətəndaşların rayon mərkəzinə rahat və təhlükəsiz hərəkəti təmin edir. Körpünün inşası ilə yanaşı, Yerfi kəndini Quba-Qonaqkənd yolu ilə birləşdirən kənd yolu da təmir olunub. 10 kilometrlik yol genişləndirilərək çınqıl döşənib.