Qurban bayramı ilə əlaqədar Lənkəranda da xüsusi ət kəsimi məntəqəsi fəaliyyət göstərir VİDEO
Lənkəran, 6 iyun, İlkin Adıyev, AZƏRTAC
Qurban bayramı münasibətilə ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən kəsim məntəqələri gücləndirilmiş rejimdə fəaliyyət göstərməyə başlayıb. Axşam saatlarından etibarən cənub bölgəsində də sakinlər kəsim məntəqələrinə üz tutaraq qurbanlıq heyvanların kəsimini həyata keçirirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəranda yerləşən kəsim məntəqəsində proses ciddi nəzarət altında icra olunur. Burada hər bir heyvan əvvəlcə baytar müayinəsindən keçirilir və yalnız sağlam olduğu təsdiqlənən heyvanların kəsiminə icazə verilir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran–Astara regional bölməsinin nümayəndəsi İsmayıl Qəmbərli bildirib ki, kəsimdən əvvəl heyvanlara baytar nəzarəti mütləq şəkildə həyata keçirilir. Onun sözlərinə görə, Qida Təhlükəsizliyi İnstitutu tərəfindən təhkim olunmuş baytar həkimlər əvvəlcə heyvana baxış keçirir, hərarət ölçülür, eləcə də ümumi kliniki əlamətlər qiymətləndirilir. Yalnız tam sağlam olduğu müəyyən edilən heyvanların kəsiminə icazə verilir.
İsmayıl Qəmbərli əlavə edib ki, kəsim prosesi həm heyvan sahibinin öz təşəbbüsü ilə, həm də kəsim məntəqəsində fəaliyyət göstərən peşəkar qəssablar tərəfindən həyata keçirilə bilər.
Qeyd edək ki, bu il Qurban bayramı münasibətilə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə ümumilikdə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub. Həmin məntəqələrdən 5-i cənub bölgəsində yerləşir.