Qurban bayramında şəhidlərimizin xatirəsi anılıb
Bakı, 30 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Qurban bayramı münasibətilə Bakı şəhərində, eləcə də respublikamızın digər bölgələrində şəhidlərimizin məzarları ziyarət olunub, onların ailə üzvlərinə və hərbi əməliyyatlar zamanı sağlamlığını itirən döyüşçülərimizə baş çəkilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, keçirilən görüşlərdə şəhid ailələri, sağlamlığını itirən döyüşçülərimiz və müharibə veteranlarının daim dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanıldığı qeyd olunub, onlara Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdırılıb və bayram sovqatları təqdim edilib.
Şəhid ailələri və hərbi əməliyyatlar zamanı sağlamlığını itirən döyüşçülərimiz onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğı və problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Tədbirlər çərçivəsində, həmçinin hərbi qulluqçular tərəfindən uşaq evləri ziyarət edilib, uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.