Rabatda Azərbaycanın müstəqilliyinin 107-ci ildönümünə həsr olunmuş rəsmi qəbul keçirilib
Bakı, 27 may, AZƏRTAC
Mərakeş Krallığındakı Azərbaycan səfirliyi tərəfindən ölkəmizin müstəqilliyinin 107-ci ildönümünə həsr edilmiş təntənəli rəsmi qəbul təşkil olunub. Rabat şəhərində keçirilən tədbir Azərbaycan ilə Mərakeş arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirib.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə 300-dən artıq şəxs – Mərakeş hökumətinin nümayəndələri, diplomatik korpusun üzvləri, parlament və media təmsilçiləri, ictimaiyyət nümayəndələri və Azərbaycan diasporasının üzvləri iştirak ediblər.
Mərakeş hökuməti tədbirdə ölkənin Gənclər, Mədəniyyət və Kommunikasiya naziri Məhəmməd Mehdi Bensaid tərəfindən təmsil olunub. Qəbulda, həmçinin Həmrəylik, Sosial İnteqrasiya və Ailə naziri xanım Naima Ben Yahya, Müqavimətçilər və azadlıq ordusunun sabiq üzvləri üzrə Ali Komissar Mustafa əl-Ktiri, Audiovizual Rabitə üzrə Ali Şuranın sədri xanım Latifa Axarbaş və Kral Arxivlərinin direktoru xanım Bəhicə Simu iştirak ediblər.
Tədbir çərçivəsində xüsusi diqqətəlayiq məqamlardan biri “Mərakeşli uşaqların gözü ilə Azərbaycan” adlı rəsm sərgisi olub. Sərgidə mərakeşli uşaqlar tərəfindən çəkilmiş Azərbaycanın təbiətinə, mədəniyyətinə, milli atributlarına və xalqına həsr olunmuş rəngarəng və duyğusal rəsmlər nümayiş etdirilib. Uşaqların təsəvvürlərindəki Azərbaycan motivləri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Sözügedən sərgi Azərbaycan səfirliyi və Rabat şəhərinin Aqdal-Riyad rayon şurasının birgə təşkilatçılığı ilə həyata keçirilən rəsm müsabiqəsinin nəticəsidir. Müsabiqə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü və Mərakeş Krallığının Vəliəhdi Şahzadə Mülay Əl-Həsənin doğum günü münasibətilə təşkil olunub. Layihənin əsas məqsədi gənc nəsil arasında mədəniyyətlərarası anlayışı təşviq etmək, Azərbaycan və Mərakeş arasında dostluq əlaqələrinin dərinləşməsinə töhfə verməkdir.
Rəsmi qəbul zamanı iştirakçılara Azərbaycan milli mətbəxindən nümunələr təqdim olunub, xalq musiqimizin səsləndiyi bədii proqram nümayiş etdirilib. Tədbir qonaqlar tərəfindən yüksək dəyərləndirilib və iki ölkə arasında mədəni diplomatiyanın inkişafı baxımından uğurlu təşəbbüs kimi qeyd olunub.
Builki tədbir Azərbaycanda elan edilmiş “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunub və dövlətçiliyimizin əsaslarını təbliğ etmək baxımından da xüsusi əhəmiyyət kəsb edib.
Azərbaycan ilə Mərakeş arasında mövcud olan siyasi, iqtisadi və mədəni əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət edən bu cür tədbirlər ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına mühüm töhfə verir.