Rafael Hüseynov: İslam Əməkdaşlıq Təşkilatı əlaqələrin möhkəmləndirilməsi üçün səylərini səfərbər etməlidir
Bakı, 24 iyun, AZƏRTAC
Bir sıra Avropa institutlarının dərin böhran yaşadığı bir dövrdə İslam Əməkdaşlıq Təşkilatının və onun Parlament İttifaqının üzərinə düşən məsuliyyət və vəzifələr daha da artıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasında Milli Məclisin sədr müavini Rafael Hüseynov deyib.
O qeyd edib ki, təşkilatda təmsil olunan ölkələrin əksəriyyəti bu çərçivədə çoxtərəfli əməkdaşlıqla yanaşı, bir-biri ilə geniş ikitərəfli münasibətlər də saxlayır. İslam Əməkdaşlıq Təşkilatı bu əlaqələrin daha da möhkəmləndirilməsi üçün də öz səylərini səfərbər etməlidir. Dünya yeni bir transformasiya mərhələsinin astanasındadır. Bu mürəkkəb beynəlxalq şəraitdə isə müsəlman dünyasının sülhyaratma missiyasının rolu və əhəmiyyəti getdikcə daha aydın şəkildə özünü göstərir.