Rafiq Ələkbər: Bakı Beynəlxalq Kitab Sərgisi milli ədəbiyyatımızın təbliğinə mühüm töhfədir VİDEO
Bakı, 23 oktyabr, AZƏRTAC
XII Bakı Beynəlxalq Kitab Sərgisinin yüksək səviyyədə təşkili ölkəmizdə kitaba və ədəbiyyata göstərilən diqqətin bariz nümunəsidir. Tədbirdə çoxsaylı oxucuların, xüsusilə tələbə və gənclərin iştirakı sevindirici haldır.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, yazıçı Rafiq Ələkbər söyləyib.
“Xarici ölkələrin sərgidə geniş təmsil olunması Azərbaycanla digər dövlətlər arasında ədəbi-mədəni əlaqələrin inkişafına, ölkəmizin beynəlxalq miqyasda müsbət imicinin möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, müxtəlif sahələrə aid nəşrlərin bir məkanda təqdim olunması oxuculara yeni kitablarla tanış olmaq və fikir mübadiləsi aparmaq imkanı yaradır”, – deyə o vurğulayıb.
Gənc nəslin mütaliəyə marağından danışan yazıçı qeyd edib ki, internet və virtual mühitin geniş yayılmasına baxmayaraq, son dövrlərdə gənclərin kitaba marağının artması müşahidə olunur. Xüsusilə fəlsəfi və bədii məzmunlu əsərlərə marağın güclənməsi müsbət tendensiyadır.
“Gənclərin mütaliəyə marağını artırmaq üçün bu cür maarifləndirici və mədəni tədbirlərin əhatə dairəsi genişləndirilməlidir. Onları mənəvi dəyərlərlə zəngin mühitə cəlb etmək, kitabla daha yaxından tanış olmalarına şərait yaratmaq vacibdir. Bu, gənclərin dünyagörüşünün genişlənməsinə və intellektual potensialının inkişafına xidmət edir”, – deyə Rafiq Ələkbər əlavə edib.