Rain Sultanov: Festivallar arası əməkdaşlıq ortaq mədəni mühit yaradır
Bakı, 10 iyul, AZƏRTAC
Bakıda keçirilən “Shahin Novrasli Festival-2026” çərçivəsində Azərbaycanın Əməkdar artisti, tanınmış caz-piano ifaçısı, festivalın direktoru və təşkilatçısı Şahin Növrəslinin konserti keçirilib. Axşamın xüsusi qonağı Azərbaycanın Əməkdar artisti, tanınmış caz musiqiçisi -saksafon ifaçısı Rain Sultanov olub.
AZƏRTAC-ın müxbiri ilə R.Sultanov söhbət zamanı “Baku Jazz Festivalı”nın təsisçisi kimi ölkədəki müxtəlif festivalların bir-biri ilə qarşılıqlı əlaqədə olmasının vacibliyini vurğulayıb.
“Festivallar arasındakı əməkdaşlıq ortaq mədəni mühitin formalaşmasında mühüm rol oynayır. Bu əməkdaşlıq nə qədər güclü olarsa, musiqiçilər bir o qədər çox imkan əldə edər, ölkənin beynəlxalq nüfuzu yüksələr və musiqi mədəniyyətimiz daha da zənginləşər. Buna görə də dünyanın bir çox uğurlu festivalı peşəkar şəbəkələrdə birləşir, bir-birinin layihələrinə dəstək verir. Bu proses bütün iştirakçılara – sənətçilərə, təşkilatçılara, tamaşaçılara və bütövlükdə ölkəyə fayda gətirir”, – deyə musiqiçi vurğulayıb.
Xatırladaq ki, “Shahin Novrasli Festival” iyulun 12-dək davam edəcək. On gün ərzində paytaxt sakinləri və şəhərimizin qonaqları dünyanın 10 ölkəsindən gələn musiqiçilərin ifasında müxtəlif janrlı zəngin proqramlardan zövq alacaqlar. “Shahin Novrasli Festival-2026” çərçivəsində, həmçinin festival yarmarkası, gündəlik DJ setləri və cem-sessiyalar (jam session) da təşkil olunub.
Müəllif – Anara Axundova