RAMİL SƏFƏROVUN HÜQUQLARININ MÜDAFİƏSİ ÜZRƏ ƏLAQƏLƏNDİRMƏ ŞURASININ TOPLANTISI KEÇİRİLMİŞDİR
Tədbirdə Milli Məclisin deputatları Azay Quliyev, Zahid Oruc və Ramil Səfərovun atası Sahib Səfərov çıxış edərək, erməni zabiti Qurgen Markaryanı qətlə yetirməkdə təqsirli bilinən azərbaycanlı zabit haqqında aprelin 13-də Budapeşt Şəhər Məhkəməsinin çıxardığı ömürlük həbs cəzası qərarının qeyri-humanist və ədalətsiz olmasından danışmışlar. Bildirmişlər ki, macar məhkəməsinin bu səhvi hadisələrin düzgün araşdırılmaması üzündən baş vermiş və ona həddən artıq ağır cəzanın kəsilməsi beynəlxalq hüquq normalarının pozulmasına gətirib çıxarmışdır.
Ramil Səfərovun hüquqlarının müdafiəsi istiqamətində daha qətiyyətli addımların atılması üçün torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğal olunmasını, Xocalı faciəsini əks etdirən videolentlərin də apellyasiya məhkəməsinə təqdim olunmasının və bununla əlaqədar dövlət və qeyri-hökumət təşkilatlarının, diasporumuzun ciddi fəaliyyət göstərməsinin vacibliyi vurğulanmışdır.
Apellyasiya məhkəməsinə müraciətin səmərəli nəticə verməsi üçün müvafiq təkliflərlə çıxış edən Şura üzvləri ümumi bəyanat hazırlamış və onu Macarıstanın ali qanunvericilik orqanına, Avropanın nüfuzlu hüquq instansiyalarına göndərməyi qərara almışlar.