Raqif Abbasov: Əminik ki, spartakiadada böyük rəqabətə şahidlik edəcəyik
Bakı, 7 aprel, AZƏRTAC
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” kimi qeyd olunur. Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə ölkəmizdə spartakiada start götürdü. May ayına qədər davam edəcək spartakiadada beş idman növü üzrə 17 dövlət müəssisəsi və təşkilatın təmsilçiləri güclərini sınayacaqlar. Həm fərdi, həm də komanda yarışları müxtəlif idman məkanlarında təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Şəhər Gənclər İdman Baş İdarəsinin rəisi, Milli Olimpiya Komitəsinin üzvü Raqif Abbasov jurnalistlərə müsahibəsində deyib.
“Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi ilə birgə bir çox layihə və idman yarışları təşkil edir. Bu spartakiadanın önəmi kütləviliyin təmin olunmasıdır. Ulu Öndərin 100 illiyinə həsr olunan yarışda maraq və böyük rəqabətə şahidlik edəcəyik. Həmçinin spartakiada idman camisi, idman nəticələrimiz üçün faydalı olacaq, konfederasiyanın ayrı-ayrı məşqçi və hakimlərinin hazırladığı idmançıların gələcəkdə ölkəmizi beynəlxalq yarışlarda təmsil etməsinə əsas verəcək. Yarışa qatılan bütün müəssisə və təşkilatlara, onların komandalarına uğurlar arzu edirik. Əminik ki, Ümummilli Liderin 100 illik yubileyinə həsr olunan tədbir idman sahəsinə böyük töhfə verəcək", - deyə R.Abbasov bildirib.