Rasim Əliquliyev: AICT konfransı beynəlxalq elmi tədbirlər arasında xüsusi yer tutur VİDEO
Bakı, 14 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru akademik Rasim Əliquliyev İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransının (AICT2026) açılış mərasimində çıxış edib.
AZƏRTAC xəbər verir ki, akademik konfransın 20-ci dəfə keçirilməsinin əlamətdar hadisə olduğunu vurğulayaraq tədbirin uzun illər ərzində inkişaf etdiyini və beynəlxalq elmi ictimaiyyət arasında xüsusi nüfuz qazandığını bildirib.
Rasim Əliquliyev qeyd edib ki, konfrans ADA Universitetinin ev sahibliyi və təşkilati dəstəyi ilə ildən-ilə təkmilləşir. Onun sözlərinə görə, tədbir həm elmi məzmununa, həm təşkilatçılıq səviyyəsinə, həm də beynəlxalq nüfuzuna görə informasiya və kommunikasiya texnologiyaları sahəsində keçirilən mühüm elmi platformalardan biridir.
Akademik konfransın dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən aparıcı alimləri bir araya gətirdiyini, iştirakçılara aktual elmi problemlərin müzakirəsi və təcrübə mübadiləsi üçün geniş imkanlar yaratdığını diqqətə çatdırıb.
Rasim Əliquliyev çıxışında konfransın dəvətli məruzəçilərindən olan professor Errol Beyin elmi fəaliyyətinə də toxunub. O, alimin süni intellekt, neyron şəbəkələri və mürəkkəb hesablama məsələlərinin həlli sahəsində apardığı tədqiqatların əhəmiyyətini vurğulayıb.
Akademik bildirib ki, professor Errol Bey bir gün əvvəl İnformasiya Texnologiyaları İnstitutunda keçirilən seminarda süni intellekt sahəsində ənənəvi yanaşmalardan fərqlənən təsadüfi neyron şəbəkələri (random neural networks) üzrə maraqlı məruzə ilə çıxış edib. Onun sözlərinə görə, alimin təhlükəsizlik sistemlərində, proqram təminatında və real vaxt rejimində hesablama tələb edən sahələrdə tətbiq oluna biləcək elmi nəticələri xüsusi əhəmiyyət daşıyır.
Rasim Əliquliyev professor Errol Beyin yüksək elmi göstəricilərini qeyd edərək onun elmi fəaliyyətinin beynəlxalq səviyyədə təqdir olunduğunu bildirib.
Çıxışında akademik, həmçinin professor Errol Beyin görkəmli alim Lütfi Zadə ilə uzun illər davam edən dostluq münasibətlərindən bəhs edib.