Regionların sosial-iqtisadi inkişafı Azərbaycan dövlətinin xüsusi diqqət yetirdiyi sahədir - Politoloq
Bakı, 8 avqust, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı layihələrin reallaşdırılması Azərbaycan dövlətinin xüsusi diqqət yetirdiyi sahədir. Torpaqlarımızın işğaldan azad edilməsindən ötən 3 il ərzində diqqətin daha çox Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına ayrılmasına baxmayaraq, paralel olaraq digər bölgələrimiz də Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Müasir dövrdə regional səviyyədə sosial-iqtisadi inkişaf proqramlarının işlənib hazırlanması və həyata keçirilməsi məsələləri dövlət idarəçiliyində nəzəri tədqiqatların dinamik istiqamətlərindən biridir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri, politoloq Yeganə Hacıyeva söyləyib.
Y.Hacıyeva deyib: “Dünya təcrübəsi onu göstərir ki, burada maliyyə vacib rol oynasa da, daha önəmli məsələ regional inkişaf layihələrinin icrasında nəzəri bilgilərə əsaslanan xüsusi diqqət amilinin mövcudluğudur. Azərbaycan Prezidentinin bölgələrdə sosial-iqtisadi inkişaf templərinin bütün mərhələlərini yerindəcə, şəxsən izləməsi bu prosesin sürətinə və keyfiyyətinə birbaşa təsir edən amildir. Bu məqamda onu da qeyd etmək yerinə düşür ki, siyasi idarəçi kimi Azərbaycan Prezidenti həm də iri iqtisadi layihələrin həyata keçirilməsində rəhbərlik təcrübəsinə malikdir. Bu isə bölgələrdə sosial-iqtisadi inkişaf və infrastruktur layihələrinin icrasında səmərəliliyə, ən əsası, şəffaflığa müsbət təsir göstərir”.
Politoloq bildirib ki, Prezident İlham Əliyevin diqqəti sayəsində məqsədyönlü və ardıcıl regional siyasətin həyata keçirilməsi bölgələrin sosial-iqtisadi inkişaf səviyyəsini yüksəltməyə, yaxşı investisiya mühitini təmin etməyə gətirib çıxarıb. Bölgələrə səfəri zamanı dövlətimizin başçısının xeyir-duası ilə çoxsaylı yeni müəssisələrin fəaliyyətə başlaması bunun sübutudur. Regionların sosial-iqtisadi inkişafı, infrastrukturun müasirləşdirilməsi rayon və şəhərlərdə sahibkarlıq fəaliyyətinin yaxşılaşmasına, sahibkarlıq fəaliyyətinin genişlənməsinə, administrasiya ilə yerli və xarici biznes dairələri arasında sıx əməkdaşlığın qurulmasına yaxşı zəmin yaradır. Bu yanaşma icra və qanunvericilik orqanlarının fəaliyyətinin davamlılığını təmin etməyə, inkişaf təcrübəsinə əsaslanaraq regional inkişafın prioritetlərini rasional formalaşdırmağa imkan yaradır.