Rektor: ADAU-EGE ikili diplom proqramı kənd təsərrüfatının inkişafına fayda verəcək
Gəncə, 4 aprel, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı ölkəmizdə kənd təsərrüfatı sahəsində ən qabaqcıl elmi yeniliklərdən və innovativ təlim-tədris texnologiyalarından yararlanaraq dayanıqlı kənd təsərrüfatı mütəxəssislərinin yetişdirilməsinə imkan yaradır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri Ege Universitetinin bir qrup professor-müəllim heyəti ilə görüşdə ADAU-nun rektoru Zəfər Qurbanov deyib. O bildirib ki, ölkəmizdə kənd təsərrüfatı mütəxəssislərinin hazırlanması məqsədilə həyata keçirilən beynəlxalq ikili diplom proqramı gələcəkdə kənd təsərrüfatının inkişafında və minlərlə insanların həyatında öz effektini göstərəcək.
“Ötən il ilk məzunları olan ADAU-EGE ikili diplom proqramının 30-a yaxın tələbəsi Ege Universitetində təhsillərini magistratura səviyyəsində davam etdirib. Sevindirici haldır ki, universitetimizin tələbəsi Məhsəti Muradova Ege Universitetinin Kənd təsərrüfatı fakültəsindən ən yüksək ortalama ilə birinciliklə məzun olub. Proqram sayəsində ADAU-nun professor-müəllim heyəti üçün onlarla təlim keçilib, hər iki ali təhsil müəssisəsinin əməkdaşlarının birgə elmi-tədqiqat işləri aparması və yüksək indeksli jurnallarda məqalə çap etdirməsi göstəriciləri dəfələrlə yüksəlib”, - deyə rektor proqramın əhəmiyyətindən bəhs edib.
Sonra ADAU-ya dərs demək üçün gələn Ege Universitetinin bir qrup professor-müəllim heyəti fikir və təkliflərini səsləndirib.