Rektor: ADU tələbələri Belarus dilinə və mədəniyyətinə böyük maraq göstərirlər


Bakı, 20 iyun, AZƏRTAC
Belarusun ölkəmizdəki səfiri Dmitri Pineviç Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.
Bu barədə AZƏRTAC-a ADU-dan məlumat verilib.
Görüşdə ADU-nun rektoru akademik Kamal Abdulla qeyd edib ki, Azərbaycan-Belarus əlaqələri strateji tərəfdaşlıq səciyyəsi daşıyır və əməkdaşlıq dinamikası inkişaf edir: “Bizi bir-birimizə möhkəm dostluq münasibətləri bağlayır. Ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, elm, mədəniyyət sahələrində də əlaqələr inkişaf etməkdədir. ADU-da fəaliyyət göstərən Belarus Dili və Mədəniyyəti Mərkəzi əlaqələrimizin qurulması baxımından mühüm əhəmiyyətə malikdir. ADU tələbələri Belarus dilinə və mədəniyyətinə böyük maraq göstərirlər”.
Qonağa ADU-da fəaliyyət göstərən mərkəzlər haqqında məlumat verilib. Rektor səfiri ADU-nun “Məzun günü”nə dəvət edib. Səfir Dmitri Pineviç ADU-nun beynəlxalq nüfuzundan söz açıb. Qeyd edilib ki, ölkələrimiz arasında tarixən dostluq və tərəfdaşlıq münasibətləri mövcud olub. Bu münasibətlər özünü elm, mədəniyyət sahələrində ən yaxşı tərəfdən göstərməkdədir.
Daha sonra diplomat ADU-da fəaliyyət göstərən Belarus Dili və Mədəniyyəti Mərkəzi ilə tanış olub.
Mərkəzin müdiri Sergey Klimov bu məkanda sərgilənən Belarus mədəniyyəti nümunələri haqqında məlumat verib, keçirilən tədbirlər barəsində danışıb.